RUSİYA UKRAYNANI VƏ GÜRCÜSTANI “İMTİYAZLARDAN MƏHRUM ETMƏYƏ” HAZIRLAŞIR
Adını çəkməyən mənbə bildirmişdir: “Gürcüstan və Ukraynanın MDB-dən çıxmasının mümkünlüyü barədə bu ölkələrin rəhbərliyinin bəyanatları ilə əlaqədar RF hökumətində onların Birlik çərçivəsində malik olduqları müxtəlif üstünlükləri ləğv etmək məsələsinə baxılır”. O vurğulamışdır ki, bu halda Rusiya MDB çərçivəsində, eləcə də sosial sahədə bağlanmış bir çox saziş və müqavilələrə yenidən baxacaqdır.
Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili bazar günü jurnalistlərə bildirmişdir ki, Tbilisi MDB-dən çıxmaq məsələsi barədə Ukrayna ilə məsləhətləşmələrə başlamışdır. Bununla əlaqədar Ukrayna nümayəndə heyəti Tbilisiyə gəlmişdir.
Xatırladaq ki, aprelin 11-də Gürcüstan parlamentinin sədri Nino Burcanadze bəyan etmişdi ki, onun ölkəsinin MDB-də bundan sonra da qalmasında bir məna görmür, çünki Birliyi bundan əvvəl ancaq iqtisadi münasibətlər bağlayırdı. Lakin Rusiya Gürcüstandan şərab idxalına qadağa qoydu və qadağa artıq qüvvəyə minmişdir.
Mayın 2-də Gürcüstan Prezidenti Mixail Saakaşvili hökumətə ölkənin MDB-də qalmasının iqtisadi cəhətdən əsaslandırılmasını bir-iki ay ərzində hazırlamağı tapşırmışdır. Yanvarın 25-də Gürcüstan MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının tərkibindən çıxmışdır. Onda XİN bunu ölkədə siyasi rejimin dəyişməsi ilə əsaslandırmışdı. Belə ki, Gürcüstan NATO-ya daxil olmaq xətti götürdüyünə görə eyni zamanda iki hərbi birlikdə qala bilməz.
Ukrayna da MDB-dən çıxmağın mümkünlüyü məsələsinə baxır. Bunu mayın 5-də Ukrayna Prezidenti Katibliyinin Baş xarici siyasət xidmətinin rəhbəri Konstantin Timoşenko bildirmişdir. Onun sözlərinə görə, Kiyev dəfələrlə bəyan etmişdir ki, MDB-nin fəaliyyətindən razı deyildir və ona görə də bu təşkilatın mövcudluğunun məqsədəuyğunluğu barədə məsələ qaldırır. Timoşenko vurğulamışdır ki, MDB-dən çıxmaq məsələsi gündəlikdə kəskin şəkildə durmur. Bu, MDB çərçivəsində bağlanmış müxtəlif sazişlərin yerinə yetirilməsinin nəticələrindən asılı olacaqdır.