Rusiyada koronavirusdan gündəlik ölüm sayında yeni maksimum qeydə alınıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Rusiyada son sutka ərzində koronavirusdan 1106 ölüm halı (bir gün əvvəl 1069) qeydə alınıb. Bu, pandemiyanın əvvəlindən bəri maksimum göstəricidir.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS informasiya agentliyi koronavirusun yayılması ilə mübarizə üzrə operativ qərargaha istinadla məlumat yayıb. Məlumata görə, artıq ardıcıl olaraq səkkiz gündür ölkədə koronovirusdan sutkada 1000-dən çox ölüm halı baş verir.
Pandemiya dövrü ərzində Rusiyada 232 min 775 COVID xəstəsi həyatını itirib. Virusa yoluxanların sayı isə sutka ərzində 36 min 446 nəfər artaraq ümumilikdə 8 milyon 316 mini ötüb. Həm ölüm, həm də yoluxma göstəricisinə görə Rusiya dünyada beşinci yeri tutur.
Xatırladaq ki, koronavirusla bağlı epidemioloji vəziyyətin ağırlaşması səbəbindən Prezident Vladimir Putinin sərəncamı ilə bütün ölkə üzrə oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş günü elan olunub. Bəzi regionlarda “koronavirus tətili” oktyabrın 25-dən başlayıb. Epidemioloji vəziyyət pisləşməyə davam edərsə, qeyri-iş günlərinin sayının artırılacağı istisna olunmur.