Rusiyalı mütəxəssislər Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarının fəaliyyəti ilə tanış olublar
Bakı, 19 may, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutunda Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndə heyəti ilə görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşün əsas məqsədi qida təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığın və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi olub.
Qeyd olunub ki, Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyətində əsas məqsəd insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinə dair elmi-tədqiqat işlərinin, risk qiymətləndirilməsinin aparılması, həmçinin mövcud beynəlxalq standartların, norma və qaydaların tələbləri nəzərə alınmaqla, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin işlənilib hazırlanmasından ibarətdir. Həmçinin institut qida məhsullarının təhlükəsizlik göstəriciləri üzrə tədqiqat xidmətlərinin göstərilməsini həyata keçirir.
Tədbirdə fitosanitar nəzarət sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivi haqqında müzakirələr aparılıb. Rusiyalı nümayəndə heyəti institutun nəzdində fəaliyyət göstərən laboratoriyaların iş prinsipi ilə də yaxından tanış olub. Onlara laboratoriyaların fəaliyyət istiqaməti, beynəlxalq təşkilatlarla əməkdaşlığı, eləcə də maddi-texniki bazası barədə ətraflı məlumat verilərək bildirilib ki, qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə laboratoriyalarda aparılan analiz, ekspertiza və tədqiqat xidmətləri dünyanın qabaqcıl ölkələrinin laboratoriyalarının standartları ilə uyğunluq təşkil edir.
Görüşdə bitki sağlamlığına dair birgə təcrübə mübadiləsinin genişləndirilməsinin Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlığın inkişafına daha da təkan verəcəyi diqqətə çatdırılıb.