RUSİYANIN BAŞ SANİTAR HƏKİMİ “BORJOMİ”NİN KEYFİYYƏTİNİ YOXLATDIRACAQ
Onişşenko demişdir ki, bu yaxınlarda Moskvanın bir sıra mağazalarında məhsulun nümunələri yoxlanılarkən “Borjomi”nin elan olunan keyfiyyətinin faktik tərkibinə əsla uyğun gəlmədiyi aşkarlanmışdır. Bu hadisənin təhqiqi Federal Xidmətin nümayəndələrini Moskva yaxınlığındakı topdansatış anbarlarına gətirib çıxarmışdır. Hazırda burada böyük miqdarda “Borjomi”nin satışı dayandırılmışdır, çünki onun keyfiyyətini və harada doldurulduğunu göstərən sənədlər yox idi.
Onişşenko Gürcüstan və Moldovadan Rusiyaya xəlvəti yolla şərab gətirilməsinin mümkünlüyündən narahat olduğunu da söyləmişdir. O demişdir: “Güman etməyə əsasımız var ki, hazırda bu bazarda operatorlar həmin keyfiyyətsiz məhsulu digər ölkələrin markaları ilə gətirməyə çalışırlar. Bu ehtimal doğru çıxsa, biz istintaq orqanlarının köməyindən istifadə etməli olacağıq”.
Xatırladaq ki, martın 27-də Moldova və Gürcüstandan Rusiyaya şərab və şərab materialları idxalına tam qadağa qoyulmuşdur. Bu, onunla bağlıdır ki, Rusiyaya gətirilən alkoqollu içkilərin əksər hissəsi sanitariya təhlükəsizliyi tələblərinə uyğun deyildir.
Həmin qadağa ilə əlaqədar Gürcüstan Prezidenti Mixail Saakaşvili müdafiə naziri İrakli Okruaşviliyə tapşırmışdır ki, Gürcüstan şərabının yeni xarici bazarlara çıxarılması məsələsi ilə məşğul olsun. Moldova da öz şərabını və digər alkoqollu məhsulunu satmaq üçün yeni bazarlar axtarır.