Rusiyanın birinci kanalı Çernobıl haqqında sənədli film göstərəcək
Bakı, 11 iyun, AZƏRTAC
İyunun 22-də Rusiyanın birinci kanalı 33 il əvvəl Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəza haqqında sənədli film nümayiş etdirəcək.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə birinci kanalın mətbuat xidməti məlumat yayıb.
“Sənədli film, əslində, nələrin baş verdiyini göstərəcək, 1986-cı il aprelin 25-dən 26-na keçən faciəli gecədə və sonrakı günlərdə və aylarda baş vermiş hadisələri dəqiq ardıcıllıqla nümayiş etdirəcək”, - deyə məlumatda bildirilir.
Televiziya kanalının məlumatında zəncirvarı reaksiyanı dayandıran, reaktoru qalın qum və qurğuşun qatı ilə örtən helikopter pilotlarının qəhrəmanlığı barədə informasiyanın az olduğu vurğulanır. Onlar qurğuşun qoruması olmadan gün ərzində minə yaxın uçuş həyata keçirib və reaktordan 200 metr hündürlükdə dayanaraq onun üzərinə qum töküb.
“Sənədli filmin müəllifləri qəzanın səbəblərinin təhqiqatı və nəticələrinin aradan qaldırılması üzrə hökumət komissiyasının üzvü akademik Valeri Leqasovun nə üçün intihar etdiyi barədə danışacaqlar. O, beş maqnitofon kaseti diktə edib. Öz ölümqabağı söhbətində Çernobıl faciəsinin əsl səbəbkarlarının və hadisədə təqsirkar olanların adlarını açıqlayıb”, - deyə telekanalın mətbuat xidməti bildirib.