RUSİYANIN İCTİMAİ XADİMLƏRİ ƏCNƏBİLƏRƏ NİFRƏTƏ VƏTƏNDAŞ MÜQAVİMƏTİ GÖSTƏRMƏYƏ ÇAĞIRIRLAR
Rusiya İctimai Palatası üzvlərinin, OMİK futbol klubunun baş məşqçisi Valeri Qazzayevin, Federasiya Şurasının üzvü Lyudmila Narusovanın, yazıçı Dmitri Lipskerovun, Moskva Müsəlman Universitetinin rektoru Marat Murtazinin və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə İTAR-TASS Agentliyində keçirilən mətbuat konfransında bir ay əvvəl Ekstremizmə Vətəndaş Müqaviməti birliyinin yaradılması barədə məlumat verilmişdir. Birlik milli məcrada cinayətlərə laqeyd yanaşa bilməyən insanların təşəbbüsü ilə yaradılmışdır.
Senator L.Narusova bildirmişdir ki, Rusiya məhkəmə sisteminin rəhmli olması millətçilik və əcnəbilərə nifrət nümayiş etdirən adamların qüvvə toplamalarına, cəmiyyətdəki mövqelərini möhkəmləndirməyə kömək edir. Millətçilik mikrobunun Rusiyada sabit təzahürləri var, hətta qanunverici hakimiyyətin bəzi nümayəndələri də bu xəstəliyə tutulmuşlar. O demişdir: “Belə yanaşma siyasi və ideoloji baxımdan səhvdir və dövlətin birliyinə təsir göstərə bilər”.
Valeri Qazzayev isə demişdir ki, FİFA bütün üzvlərinə stadionlarda, futbolda, ümumiyyətlə idmanda irqçilik və əcnəbilərə nifrət təzahürlərinin aradan qaldırılması haqqında tövsiyə məktubu göndərmişdir.
Mətbuat konfransının iştirakçıları diqqətə çatdırmışlar ki, hüquq mühafizə orqanları öz səmərəsiz fəaliyyəti ilə millətçilik və faşizm taununun yayılmasına yol verirlər, milli zəmində cinayət törədən adamlar isə digər millətlərin nümayəndələri ilə əlbəyaxa savaşdan onlara qarşı silah tətbiq olunması mərhələsinə keçirlər. Tədbir iştirakçılarının fikrincə, cəmiyyət “qəhvəyi taun” adlanan xəstəlikdən azad olmalıdır.