Rusiyanın Pyatiqorsk şəhərində Azərbaycanın Zəfər Günü qeyd edilib
Bakı, 9 noyabr, AZƏRTAC
Rusiyanın Stavropol diyarının Pyatiqorsk şəhərində Azərbaycanın Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətin təşkilatçılığı ilə baş tutan tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən “Araz" Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov və başqaları ölkəmizin müasir tarixinə qızıl hərflərlə həkk olunmuş Zəfər Günü münasibətilə soydaşlarımızı təbrik ediblər.
Bədii hissədə vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, Azərbaycan mahnıları və rəqsləri təqdim olunub. Konsert proqramı Azərbaycanın qələbəsini əks etdirən videoçarxlarla müşayiət edilib.
Azərbaycanın görkəmli şairi Məmməd Arazın “Azərbaycan” şeirinin səsləndirilməsi bütün zalı ayağa qaldırıb. Soydaşlarımız “Azərbaycan” mahnısını ayaq üstə alqışlayıblar.
Tədbirin sonunda azərbaycanlı məktəblilər xatirə hədiyyələri və təşəkkürnamələrlə mükafatlandırılıb.