RYAZANDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN MUZEYİ AÇILMIŞ VƏ BÜSTÜ QOYULMUŞDUR
Ryazan vilayətindəki “Bulaq” Azərbaycan ictimai cəmiyyətinin rəhbəri Elşən Əliyev AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, mayın 6-da Ryazanda RF Ədliyyə Nazirliyi yanında Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
Akademiyada Ryazan administrasiyasının, Azərbaycan Ədliyyə Nazirliyinin, ölkəmizin RF-dəki səfirliyinin, Azərbaycan diasporunun, bu tədris müəssisəsinin müəllim, zabit və tələbə heyətinin nümayəndələrinin iştirakı ilə ulu öndər Heydər Əliyevin adını daşıyan muzeyin və burada ucaldılmış büstün təntənəli açılışı olmuşdur.
Tədbir Respublika Ədliyyə Nazirliyinin, Ryazan administrasiyasının, akademiyanın ali rəhbərliyinin və Dünya Azərbaycanlılar Konqresinin dəstəyi ilə Ryazan vilayətindəki “Bulaq” Azərbaycan ictimai cəmiyyəti tərəfindən təşkil edilmişdi. Muzeyin stendində ulu öndərin həyat və fəaliyyətindən bəhs edən, onun Azərbaycanda və Rusiyada işlədiyi müxtəlif dövrləri əks etdirən materiallar, Heydər Əliyev haqqında plakatlar, fotoşəkillər, kitablar nümayiş etdirilir.
Akademiyanın rəisinin birinci müavini Aleksandr Bruçko tədbiri açaraq qeyd etmişdir ki, Heydər Əliyev fenomeni, onun istər Azərbaycanda, istərsə də Moskvada yüksək vəzifələrdə çox böyük siyasi fəaliyyəti hədsiz ehtirama və gələcək nəsillərin yaddaşında əbədi qalmağa layiqdir. O, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Rusiya-Azərbaycan əlaqələrinin və iki xalq arasında dostluğun möhkəmlənməsi işinə çox böyük töhfə verdiyini vurğulamışdır. Akademiya direktorunun tədris işləri üzrə birinci müavini V.Bakulin, Azərbaycan Ədliyyə Nazirliyinin nümayəndəsi N.Ələkbərov, Azərbaycanın RF-dəki səfirliyinin əməkdaşı A.Atamoğlanov, Dünya Azərbaycanlıları Konqresinin nümayəndəsi M.Fətiyev, vilayətin yerli hakimiyyət orqanlarının və müxtəlif diaspor təşkilatlarının nümayəndələri qeyd etdilər ki, Heydər Əliyev görkəmli dövlət xadimi, böyük siyasi xadim və fenomenal insandır, iki ölkənin tarixinin böyük bir hissəsi və bütöv bir dövrü onun adı ilə bağlıdır.
E.Əliyev deyilənlərə onu da əlavə etmişdir ki, akademiyada Ryazandan olan 50 və Rusiya Federasiyasının başqa regionlarından olan daha 40 azərbaycanlı tələbə təhsil alır.