Saatlının Azadkənd kəndinin sakinlərinə bayram hədiyyəsi - ilk dəfə təbii qaz verilib
Saatlı, 27 dekabr, Mahir Babayev, AZƏRTAC
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Saatlının Azadkənd kəndinə təbii qaz verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 403 evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 52 min 291 metr olan polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici qoyulub.
Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edənlər Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı münasibətilə sakinləri təbrik edib, yaşayış məntəqəsinə “mavi yanacağ”ın verilməsini onlar üçün qiymətli hədiyyə olduğunu bildiriblər. Son illər rayonda həyata keçirilən irimiqyaslı layihələrdən söz açan natiqlər yaşayış məntəqələrinə təbii qazın verilməsini regionların sosial inkişafına yönələn dövlət siyasətinin real nəticəsi kimi dəyərləndiriblər. Diqqətə çatdırılıb ki, Azadkənd kəndi də daxil olmaqla, hazırda rayonun 44 yaşayış məntəqəsindən 34-ü qazlaşdırılıb. Qalan 10 kəndə isə təbii qaz gələn il veriləcək.
Mərasimdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinin “mavi yanacaq” ilə təmin edilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.