ELM VƏ TƏHSİL
“SABAH” qrupları üzrə baza ali təhsil müəssisələri və ixtisasların əhatə dairəsi genişlənir
Bakı, 29 iyul, AZƏRTAC
“SABAH” qrupları üzrə baza ali təhsil müəssisələri və ixtisasların əhatə dairəsi genişlənir.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, növbəti tədris ilindən yeddi baza ali təhsil müəssisəsinin sırasına daha dördü - Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası və Bakı Slavyan Universiteti daxil olacaq. Bu, “SABAH” qrupları üzrə ixtisasların sayının artması ilə bağlıdır. Ötən tədris ilində “SABAH” qruplarına qəbul beş ixtisas qrupu üzrə aparılırdısa, indi onların sayı altıya çatdırılıb.
Yeni tədris ilində “SABAH” qruplarında ümumilikdə 1636 tələbə təhsil alacaq. Bunlardan 755-i ötən tədris ilində, 881-i yeni qəbul olunanlardır.
Xatırladaq ki, “SABAH” qrupları 2014-2015-ci tədris ilindən fəaliyyətə başlayıb. İlkin mərhələdə yeddi ali təhsil müəssisəsində yaradılan “SABAH” qruplarında 39 ixtisas üzrə kadr hazırlığı aparıldığı halda, cari ildə ixtisasların ümumi sayı 45 olacaq.