“SABAH” qruplarının tələbələri “Yay Tələbə Təcrübə Proqramı”na qatılacaqlar
Bakı, 5 aprel, AZƏRTAC
Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsinin “Azercell” Telekom MMC ilə əməkdaşlığı çərçivəsində bu qrupun tələbələri üçün “Yay Tələbə Təcrübə Proqramı” elan edilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, proqram iki qurum arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilir.
Tələbələr iyulun 2-dən başlayacaq proqram çərçivəsində “Azercell”də iki ay təcrübə keçmək şansı qazanacaqlar. İndiyədək “SABAH” qruplarının 13 tələbəsi bu imkandan faydalanaraq şirkətdə ixtisasları üzrə təcrübə keçiblər.
“Yay Tələbə Təcrübə Proqramı” mərhələlərlə seçilən gənclərə ali məktəblərdə öyrəndikləri nəzəri bilikləri “Azercell”də təcrübə zamanı real iş şəraitində tətbiq etmək imkanı yaradır.
Qeyd edək ki, “SABAH” qruplarının “Azercell” Telekom MMC ilə əməkdaşlığı çərçivəsində tələbə təqaüd proqramına Bakı şəhəri üzrə elan olunmuş yerlərin 50 faizi “SABAH” tələbələri üçün ayrılıb. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə əməkdaşlıq nəticəsində altı ay müddətində davam edən inkubasiya proqramına seçilən beş komandadan biri “SABAH” qruplarının tələbələrindən ibarət olub.
“SABAH” qruplarının üçüncü və dördüncü kurs tələbələri aprelin 12-dək https://www.azercell.com/az/company/career/development_oportunities/internship2018/ keçidinə daxil olmaqla “Yay Tələbə Təcrübə Proqramı”na müraciət edə bilərlər.
“SABAH” qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində yeddi ali təhsil müəssisəsində yaradılıb, tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən ən aparıcı layihələrdəndir.