“Sabah”ın baş məşqçisi: Hər oyunda Azərbaycan üçün mübarizə aparacağıq
Bakı, 6 oktyabr, AZƏRTAC
İlk növbədə bu turnirdə bizi dəstəkləyən Azərbaycan xalqına təşəkkür etmək istəyirəm. Ümid edirəm ki, insanlar xoşbəxtdirlər. Çünki biz bu turnirdə 3 qələbə qazanmaqla onlara xoş anlar yaşatdıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Sabah" basketbol klubunun baş məşqçisi Boban Mitev Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
Şimali makedoniyalı mütəxəssis komandasının turnirə yaxşı hazırlaşması üçün lazımi şəraiti yaradan klub rəhbərliyinə təşəkkür edib: "Sağ olsunlar, mənə imkan və vaxt verdilər ki, bu cür nəticəni qazana bilək. Basketbolçuların yüksək səviyyədə hazırlığı üçün şərait yaradıldı, oyunçuların zədədən sağalması və bərpası üçün tibbi avadanlıqlar gətirildi. Azərbaycan Basketbol Federasiyası da dəstək verdi. Bir sözlə, bu işin öhdəsindən birlikdə gəldik".
Avropa Kubokunun müntəzəm mövsümündə D qrupunda yer alan rəqiblərini də dəyərləndirən baş məşqçi hər üç komandaya yaxşı bələd olduğunu vurğulayıb: "Baxçaşehir"i Türkiyədə işləyərkən tanıyırdım. Yaxşı komandadır. "Mornar" çox təhlükəli kollektivdir. İki təcrübəli məşqçisi var. "Nimbruk" isə basketbol ənənələri olan klubdur. Bizim üçün hər bir rəqib önəmlidir. Addım-addım irəliləyəcəyik".
Qrupda ilk oyunlarının "Mornar"a qarşı olacağını xatırladan B.Mitev matça ciddi hazırlaşacaqlarını əlavə edib: "Söz verə bilərəm ki, hər oyunda Azərbaycan üçün mübarizə aparacağıq. Xoşbəxtəm, çünki əsl basketbolu Bakıya, Azərbaycana gətirdik. Azarkeşlər Bakıda əsl basketbola şahidlik edəcəklər".
Qeyd edək ki, "Mornar" - "Sabah" oyunu oktyabrın 18-də keçiriləcək.