Sabiq polis nəfəri barəsində həbs qətimkan tədbiri seçilib
Bakı, 28 yanvar, AZƏRTAC
Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində yetkinlik yaşına çatmayan Bəsti Cahanovaya (ad şərti olaraq qeyd edilib) qarşı polis nəfəri Mirsahib Kazımzadənin seksual xarakterli hərəkətlər etməsi barədə məlumatlar yayılıb.
Lənkəran Rayon Prokurorluğundan AZƏRTAC-a daxil olan məlumatda bununla bağlı qeyd edilib ki, 2006-cı il təvəllüdlü Bəsti Cahanovanın Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə polis nəfəri Mirsahib Kazımzadənin 2020-ci il avqustun 26-da saat 23 radələrində “Palıdlı sahil” otelində ona qarşı seksual xarakterli digər hərəkətlərin edilməsi barədə müraciəti əsasında Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılıb. Faktla bağlı 2020-ci il dekabrın 7-də faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.
Ötən il sentyabrın 30-da Mirsahib Kazımzadə daxili işlər orqanı əməkdaşının adına ləkə gətirən hərəkətlər etdiyində görə daxili işlər orqanlarında xidmətdən xaric olunub.
Cinayət işi üzrə toplanmış sübutlar əsasında yanvarın 27-də sabiq polis nəfəri Mirsahib Kazımzadə Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaqın qısa müddətdə tamamlanaraq məhkəməyə göndərilməsi təmin ediləcək.