Şabran rayonunda “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib
Bakı, 30 mart, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.
AZƏRTAC xəbər verir ki, Xidmətin 2018-ci il üçün fəaliyyət planına əsasən martın 30-da Şabran Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu prosesi bu gün uğurla davam etdirilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi, polkovnik Rasim Şirinov deyib ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.
Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli və digər çıxış edənlər bu gün ordumuzun müasir silah-sursat və hərbi texnika ilə təmin olunduğunu bildiriblər.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti haqqında hazırlanmış “Qələbəyə səfərbər ol” sənədli filmi nümayiş etdirilib.
Şəhid ailəsinin nümayəndəsi‚ Qarabağ müharibəsi veteranı, “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisində fərqlənən hərbi rəhbər və şagird Xidmət tərəfindən diplomlarla təltif ediliblər.
Tədbirin bədii hissəsində Şabran rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusuna həsr olunan proqramla çıxış ediblər.