Şabranlı fermerlər üzümçülük təsərrüfatlarında budama işlərinə başlayıb VİDEO
Şabran, 5 yanvar, Elxan Yusifli, AZƏRTAC
Şabranlı fermerlər üzümçülük təsərrüfatlarında budama işlərinə başlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, budama işlərinə dekabr ayından start verilib. Quru budama işləri üzüm bağlarında aparılan ilk aqrotexniki qulluq sayılır və mart ayına kimi başa çatdırılmalıdır. Budaqların sulanmasından sonra aparılan budama tənəklərin qurumasına səbəb ola bilər.
Rayonun Ağbaş kəndində fərdi sahibkara məxsus 135 hektara yaxın sahədə üzümün 10-dan çox sortu becərilir. İntensiv formada qulluq olunan üzümçülük təsərrüfatında şərabçılıq üçün vacib texniki üzüm sortlarına üstünlük verilib.
Aqronom Polad Quliyev bildirib ki, quru budama zamanı tənəklər gücdən düşmüş bar çubuqlarından təmizlənir. Tənəklərdə cavan və məhsuldar çubuqlar saxlanılmalıdır ki, bol üzüm əldə olunsun.
Üzümçülük Şabranın kənd təsərrüfatının aparıcı sahələrindən sayılır. Rayon ərazisində üzüm bağlarının ümumi sahəsi 400 hektardan çoxdur.
Şabranda daha çox ağ və qara şanı, “Ağadayı”, “Mədrəsə”, “Təbrizi” kimi yerli üzüm sortları becərilir. Rayonun Gəndov inzibati ərazi dairəsinə daxil olan kəndlərdə üzümçülük daha geniş yayılıb.