CƏMİYYƏT
“Şagird İnkişaf Komitəsi konsepsiyası” layihəsinin ikinci ili başa çatır
Bakı, 28 yanvar (AZƏRTAC). Gənclər üçün Təhsil Mərkəzi “Şagird İnkişaf Komitəsi konsepsiyası” layihəsinin ikinci ilini başa vurur. Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, layihənin məqsədi şagirdlərin təhsilə marağının artırılması, təhsildən yayınan şagirdlərin məktəbə cəlb olunması, onların asudə vaxtının səmərəli təşkil olunması, ictimai fəallıqlarının artırılması və vətəndaş cəmiyyətinin inkişafı prosesində iştiraklarını təşviq etməkdir. Füzuli rayonunun Qayıdış qəsəbəsində icra olunan layihə Açıq Cəmiyyət İnstitutunun Budapeşt ofisinin Təhsilə Dəstək Proqramının maliyyə dəstəyi ilə həyata keçirilir. İki ildir icra olunan layihə çərçivəsində qeyd edilən regionda Şagird İnkişaf Komitəsi üçün ofis ayrılmış, zəruri texniki avadanlıq alınmış, müxtəlif xidmətlər yaradılmış və şagirdlərin istifadəsinə verilmişdir. Qayıdış qəsəbəsinin şagirdləri arasından 11 nəfərin təmsil olunduğu İdarə Heyəti formalaşdırmış, onların xüsusi bilik və bacarıqlara yiyələnmələrinə şərait yaradılmışdır.
Komitə davamlı olaraq qəsəbə üzrə bütün məktəblərdə şagirdlər, müəllimlər və valideynlərlə birgə müxtəlif fəaliyyətlər təşkil edir. Belə ki, qeyri-formal təhsil təlimləri, peşə kursları, yarış və müsabiqələri, seminar və görüşlər, maarifləndirici aksiyalar, məsləhət xidməti, sərgi və festivallar təşkil edilir.