CƏMİYYƏT
Sağlam ailə sağlam gələcəyin təminatıdır
Beyləqan, 1 avqust (AZƏRTAC, Tahir Ağaməmmədov). Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gənc nəsil arasında ailə dəyərlərinin qorunub saxlanılması, onlara sağlam həyat tərzinin aşılanması məqsədilə “Sağlam ailə sağlam gələcəyin təminatıdır” mövzusunda genişmiqyaslı maarifləndirmə layihəsini reallaşdırır.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində avqustun 1-də Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissənin şəxsi heyətinin iştirakı ilə tədbir keçirildi.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova milli-mənəvi dəyərlərin qorunub saxlanmasından, ailədə qadın və kişinin üzərinə düşən məsuliyyətdən, ailə həyatı qurarkən düzgün seçimin vacibliyindən, zərərli vərdişlərin insan sağlamlığında yaratdığı fəsadlardan bəhs etdi. Natiq bu tip tədbirlərin əsas məqsədinin gənclər arasında sağlam həyat tərzinin təbliği olduğunu vurğuladı.
Tədbirdə ailənin möhkəmləndirilməsində milli-mənəvi dəyərlərin, ailə mədəniyyətinin rolu, nəsillər arasında münasibətlərin qorunması və ötürülməsi, nikah müqaviləsinin zəruriliyi, gənclərin psixoloji durumuna təsir edən amillər və s. mövzulara toxunuldu, müzakirələr aparıldı.
Dialoq şəklində davam edən tədbirdə zabit və əsgərlərin fikirləri dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı.
Sonda komitə tərəfindən hərbi hissəyə fotoaparat və maarifləndirici çap materialları hədiyyə edildi.