CƏMİYYƏT
“Sağlam ailə sağlam gələcəyin təminatıdır” mövzusunda tədbir keçirilib
Bakı, 25 iyul (AZƏRTAC). Gənclərin Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, milli mənəvi və ümumbəşəri dəyərlərinə hörmət ruhunda tərbiyə olunması dövlətin ailə siyasətinin prioritet istiqamətini təşkil edir.
Bu məqsədlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif sahələr üzrə ekspertlərin iştirakı ilə gənc nəsil arasında ailə dəyərlərinin qorunub saxlanılması, onlara sağlam həyat tərzinin aşılanması istiqamətində “Sağlam ailə sağlam gələcəyin təminatıdır ” mövzusunda maarifləndirmə layihəsi həyata keçirilir.
Layihə çərçivəsində növbəti tədbir iyulun 25-də Şəmkir rayonunda yerləşən N saylı hərbi hissənin şəxsi heyətinin və ekspertlərin iştirakı ilə keçirilib.
Komitənin sədr müavini Sədaqət Qəhrəmanova tədbirdə milli mənəvi dəyərlərin qorunub saxlanmasından, ailədə qadın və kişinin üzərinə düşən vəzifələrdən, ailə həyatı qurarkən düzgün seçimin vacibliyindən, zərərli vərdişlərin insan sağlamlığında yaratdığı fəsadlardan bəhs edib və bu cür tədbirlərin keçirilməsində əsas məqsədin gənclərə sağlam həyat tərzinin təbliği olduğunu vurğulayıb.
Tədbir iştirakçıları mövzu ilə bağlı müzakirələr aparıb, onları maraqlandıran suallar cavablandırılıb. Tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzinin kitabxanasına komitə tərəfindən hazırlanmış çap materialları təqdim olunub.