“Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı, Lənkəran və Kəlbəcər məktəbliləri ilə görüş keçirilib
Bakı, 3 may, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda ümumtəhsil məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, növbəti görüşlər Bakı şəhəri Yasamal rayonu 153 nömrəli tam orta məktəb, Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziya və Kəlbəcər rayon 11 nömrəli tam orta məktəbin şagirdləri ilə keçirilib. Tədbirdə şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, onlara agentliyin hazırladığı müxtəlif maarifləndirici videoçarxlar təqdim edilib.
Daha sonra AQTA-nın əməkdaşları məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, enerji içkilərinin insan orqanizmində yaratdığı fəsadlar, qida zəhərlənmələri zamanı profilaktik tədbirlər, fəstfudun zərərləri, agentliyin həyata keçirdiyi “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsi haqqında ətraflı məlumat verilib və onların müsabiqəyə qatılmaları tövsiyə olunub.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, sağlam qidalanma ilə əlaqədar maarifləndirici materiallar paylanılıb.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.
Layihənin cari ilin sonunadək Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə keçirilməsi planlaşdırılır.