İQTİSADİYYAT
Şahbuz rayonunda sığorta fəaliyyəti sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir
Şahbuz, 24 iyun (AZƏRTAC). Şahbuz Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar (MR) Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta fəaliyyəti sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yığıncağı Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev açaraq rayonda sığorta fəaliyyəti sahəsində görülmüş işlərdən danışmışdır.
Naxçıvan MR Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov muxtar respublikada sığorta işinin təkmilləşdirilməsi istiqamətində görülmüş işlərdən danışmış, sığortanın kütləviliyinin əhəmiyyətini qeyd etmişdir.
Muxtar respublikada müxtəlif bədbəxt hadisələrdən zərər çəkmiş ayrı-ayrı vətəndaşlara dəymiş zərərlərin ödənilməsi üzrə faktlar göstərilərək sığortanın faydaları bir daha diqqətə çatdırılmışdır.
Vurğulanmışdır ki, ötən müddətdə Şahbuz rayonunda da sığorta fəaliyyəti istiqamətində müəyyən işlər görülmüşdür. Bu müddətdə Şahbuz rayonunda bağlanılmış sığorta müqavilələrinin sayı artmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.