Ali Məclisin yaz sessiyası başa çatıb
Naxçıvan, 31 may, AZƏRTAC
Mayın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının sonuncu plenar iclası keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (üçüncü oxunuş) və “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (üçüncü oxunuş), Naxçıvan Muxtar Respublikası Baş nazirinin Nazirlər Kabinetinə üzvlüyə dair təqdimatlarına baxılması və İntizam komissiyasının məlumatı daxil edilib.
Ali Məclisin sədr müavini Anar İbrahimov gündəlikdə duran birinci məsələ ilə bağlı qeyd edib ki, qanun layihəsi mayın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin tələblərinə uyğun olaraq ikinci oxunuşda müzakirə edilib. Daxili Nizamnaməyə əsasən Hüquq siyasəti komitəsi tərəfindən üçüncü oxunuş üçün hazırlanmış qanun layihəsi baxılması üçün Ali Məclisin iclasının gündəliyinə salınıb.
Gündəlikdəki birinci məsələ ilə bağlı Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli məlumat verib, təmsil etdiyi komitənin rəyini diqqətə çatdırıb.
“Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq qəbul olunub.
Anar İbrahimov qanunun hazırlanmasında əməyi keçən hər kəsə, o cümlədən, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasına, Ali Məclisin deputatlarına və Aparatının əməkdaşlarına təşəkkürünü bildirib.
Üçüncü oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanun layihəsinin müzakirəsi zamanı Anar İbrahimov qeyd edib ki, qanun layihəsi mayın 24-də Ali Məclisin Daxili Nizamnaməsinin tələblərinə uyğun olaraq ikinci oxunuşda müzakirə edilib. Daxili Nizamnamənin müvafiq maddəsinə əsasən İqtisadi siyasət komitəsi tərəfindən üçüncü oxunuş üçün hazırlanmış qanun layihəsi baxılması üçün Ali Məclisin iclasının gündəliyinə salınıb.
Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri İsa İsayev qanun layihəsi haqqında məlumat verib, təmsil etdiyi komitənin rəyini diqqətə çatdırıb.
İclasda “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq qəbul olunub.
Gündəlikdə duran üçüncü məsələ - Naxçıvan Muxtar Respublikası Baş nazirinin Nazirlər Kabinetinə üzvlüyə dair təqdimatlarına baxılması ilə bağlı Ali Məclisin sədr müavini bildirib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinin təsdiqi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həll etdiyi məsələlərdən biri olub, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 5-ci bəndi ilə müəyyən edilib. Eyni zamanda, Ali Məclisin Daxili Nizamnaməsinin 54-cü maddəsində Nazirlər Kabinetinin tərkibinin təsdiqi proseduru müəyyən olunub. Konstitusiyanın 36-cı maddəsinin II hissəsinə əsasən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Ali Məclis təsdiq edir. Konstitusiyanın 32-ci maddəsinin I hissəsinin 4-cü bəndi ilə Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifinə əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə üzvlüyə namizədləri Ali Məclisə təqdim edir. Naxçıvan Muxtar Respublikasının səhiyyə və təhsil nazirləri vəzifələrinə namizədlər barədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin 2024-cü il 21 may tarixli təqdimatları daxil olub.
Təqdimatlar oxunduqdan sonra Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri vəzifəsinə namizəd Sadıxov Samiq Asəf oğlu və Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsinə namizəd Nəcəfov Elxan Tarqulu oğlu haqqında məlumat verilib.
Samiq Sadıxovun Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri, Elxan Nəcəfovun isə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinə təsdiq edilmələri ilə əlaqədar Ali Məclisin qərarları ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub. Müvafiq qərarlarla Samiq Sadıxov Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri, Elxan Nəcəfov isə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinə təsdiq ediliblər.
Samiq Sadıxov və Elxan Nəcəfov göstərilən etimada görə minnətdarlıq edib, bundan sonra da muxtar respublikada səhiyyə və təhsil sahələrinin inkişafı istiqamətində əllərindən gələni əsirgəməyəcəklərinə söz veriblər.
İntizam komissiyasının sədri Ehtimad Məmmədov gündəliyə daxil olan sonuncu məsələ - Ali Məclisin İntizam komissiyasının məlumatını diqqətə çatdırıb, Ali Məclisin Daxili Nizamnaməsində müvafiq dəyişikliyin aparılmasını təklif edib.
Anar İbrahimov təklifə Ali Məclisin Aparatında və növbəti sessiyalarda yenidən baxıla biləcəyini qeyd edib, Ali Məclis deputatlarının fəallığı barədə məlumatın hər sessiyadan sonra Ali Məclisin rəsmi orqanı olan “Şərq qapısı” qəzetində yerləşdiriləcəyini diqqətə çatdırıb.
Ali Məclisin plenar iclasına yekun vuran Anar İbrahimov sessiya müddətində keçirilən iclaslar, qanun edilən qanun və qərarlar barədə məlumat verib.
Sonda Ali Məclisin sədr müavini Ali Məclisin 2024-cü il yaz sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bununla da Ali Məclisin 2024-cü il yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.