“Şahin” hərbi-idman oyunu üzrə Xətai rayon birinciliyi keçirilib
Bakı, 14 aprel, AZƏRTAC
Xətai rayonundakı Heydər Əliyev adına hərbi liseydə “Şahin” hərbi-idman oyunu üzrə Xətai rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışlarda 37 orta ümumtəhsil məktəbindən 600 şagird iştirak edib.
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva tədbirdə çıxış edərək bildirib ki, “Şahin” hərbi-idman oyununun məqsədi gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğının daha da artırılması, şagirdlərin hərbi xidmətə hazırlanmasıdır. Bildirib ki, Aprel döyüşlərində qazanılan qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu gənclər siyasətinin göstəricisidir.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər çıxış edənlər də ölkəmizdə sabitliyin və inkişafın qarantı olan Prezident İlham Əliyevin ətrafında sıx birləşməyin hər bir gəncin vətəndaşlıq borcu, mənəvi vəzifəsi olduğunu vurğulayıblar.
Çıxışlardan sonra yarışlara start verilib.
Əvvəlcə komandalar təntənəli marşla tribunanın önündən keçiblər. Yarışa qatılan 8-10-cu sinif şagirdləri sıra hazırlığı, sanitarların yarışı, mülki müdafiə, fiziki hazırlıq, çətin maneələrin dəf olunması və digər mərhələlərdə bacarıqlarını nümayiş etdiriblər.
Yarışın qalibi olan komanda Bakı şəhəri üzrə “Şahin” hərbi-idman oyunlarının final mərhələsində iştirak edəcək.