“Şahin” hərbi-idman oyununun Balakən rayonu üzrə qalibi müəyyənləşib
Balakən, 17 mart, Mustafa Dadaşov, AZƏRTAC
“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Balakəndə keçirilən rayon turunun yarışları Sarıbulaq kənd tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sarıbulaq kənd məktəbinin idman meydançasında təşkil edilən yarışlarda rayonun ümumtəhsil məktəblərini təmsil edən 30 komanda mübarizə aparıb.
Birinciliyin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Sərxan Hacıyev, Təhsil Şöbəsinin nümayəndəsi Yaşar Məmmədov və başqaları çıxış edərək, Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqəladə Hallar nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən bu yarışların yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək məqsədi daşıdığını bildiriblər.
Əvvəlcə komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. Sonra komandalar maneələrin dəf edilməsi, turnikdə dartınma, mülki müdafiə hazırlığı, ilkin tibbi yardımın göstərilməsi və digər yarışlarda qüvvələrini sınayıblar. Rayon birinciliyinin qalibi olan Sarıbulaq komandası, eyni zamanda, zona yarışlarında iştirak etmək hüququ qazanıb. Sonrakı yerləri Xalatala və Katex kənd 1 saylı tam orta məktəblərin komandaları tutublar.
Qalib komandalar rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıblar.