“Şahin” hərbi-idman oyununun Qax rayon turunda 17 komanda mübarizə aparıb
Qax, 10 mart, Mustafa Dadaşov, AZƏRTAC
“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin martın 10-da Qaxda keçirilən rayon turunun yarışları şəhər 4 saylı tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər stadionunda 17 komandanın iştirakı ilə keçirilən rayon birinciliyində əvvəlcə komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb.
Tərkibinə 10 oğlan 4 qız iştirakçının daxil olduğu komandalar sonra maneələrin dəf edilməsi, kəndir vasitəsilə yüksəkliyə dırmanma, turnikdə dartınma, tüfəngdən hədəfə atəş açmaq, mülki müdafiə hazırlığı, yaralıya ilkin tibbi yardım göstərilməsi və digər yarışlarda qüvvələrini sınayıblar.
Rayon birinciliyinin qalibi olan Qax şəhər 4 saylı tam orta məktəbin komandası, eyni zamanda, zona yarışlarında iştirak etmək hüququ qazanıb. Sonrakı yerləri şəhər 2 saylı məktəb-liseyin və Ləkit kənd tam orta məktəbin komandaları tutublar.
Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqəladə Hallar, Mədəniyyət və Turizm nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən bu yarışlar yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək məqsədi daşıyır.