Saksoniya Alman-Azərbaycan Dostluğu Cəmiyyətinin sədri Ağahüsein Babayevdən
Hörmətli cənab Prezident,
Azərbaycan xalqının mütləq əksəriyyətinin etimadını qazanaraq prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizi Saksoniya azərbaycanlıları adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Müstəqil demokratik Azərbaycan dövlətinin və xalqımızın iqtisadi, siyasi, mədəni inkişafını arzulayan hər bir soydaşımızın qarşıdan gələn növbəti beş il ərzində yalnız Sizi Prezident görmək istəyi xaricdə yaşayan biz azərbaycanlılar üçün də sevindirici haldır. Ulu öndərimiz Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanımız ötən on ildə Sizin rəhbərliyinizlə daha da inkişaf edərək istər Qərbdə, istərsə də Şərqdə müstəqil siyasət yeridən qüdrətli dövlətə çevrilmişdir. İndi bizim tarixi vətənimiz Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatı, dünyanın aparıcı dövlətləri arasında özünəməxsus balanslaşdırılmış siyasəti, yüksək təminatlı hərbi potensialı vardır. Dövlətin müstəqilliyi və inkişafı üçün son dərəcə vacib olan bu amillərin təməli Ulu Öndərimiz tərəfindən qoyulmuş, Sizin rəhbərliyinizlə bugünkü səviyyəyə çatmışdır.
Cənab Prezident, Almaniyada fəaliyyətə başladığımız ilk gündən yalnız Ulu Öndərimizin siyasətinə sadiq qalacağımızı bəyan etmişik. Bu gün ulu öndərimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycanımızı istər siyasi, istər iqtisadi, istərsə də hərbi sahədə nəinki Qafqazın, hətta regionun lider dövlətinə çevirdiyinizə, Qarabağımızın erməni işğalından azad olunması istiqamətində aparılan danışıqlarda möhkəm siyasi iradəyə malik olduğunuza, yalnız xalqımızın və dövlətimizin mənafeləri çərçivəsində fəaliyyətinizə görə biz, Saksoniyada yaşayan azərbaycanlılar Sizi sevirik, yalnız Sizə inanırıq və hər an Sizin tərəfinizdə olduğumuzu bəyan edirik.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, doğma Azərbaycanımızın daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə uğurlar diləyirik.
Hörmətlə,
Ağahüsein Babayev
Saksoniya Alman-Azərbaycan Dostluğu
Cəmiyyətinin sədri