REGİONLAR
Salyanda mini-futbol üzrə rayon birinciliyi başa çatıb


Salyan, 10 may, Mahir Babayev, AZƏRTAC
Salyanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə rayonun idarə, müəssisə və təşkilatlarının komandaları arasında keçirilən mini-futbol üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyəti, gənclər və idman idarəsi və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən çempionatda hər qrupda 5 komanda olmaqla, iki qrupda 10 komanda mübarizə aparıb.
On gün davam edən yarışda rayon polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin komandaları çempionatın finalına vəsiqə qazanıblar.
Final oyunu 1:0 hesabı ilə Muğan Regional Mərkəzinin xeyrinə başa çatıb.
Çempionatın ən yaxşı qapıçısı İlqar Nəcəfov, müdafiəçisi Anar Məmmədov və ən yaxşı hücumçusu isə Elmar Pavlenkov seçilib.
Sonda çempionatın seçilmiş idmançıları, I və II yeri tutan komandalar Salyan Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal, kubok və hədiyyələrlə təltif olunublar.