Salyanda “Qədim zəriflik: Kəlağayı” sərgisi açılıb
Salyan, 26 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Salyan Tarix-Diyarşünaslıq Muzeyində 26 Noyabr - Azərbaycan Kəlağayısı Günü münasibətilə tədbir keçirilib.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumat görə, Azərbaycan xalqının ən qədim və zərif milli irs nümunələrindən olan kəlağayıya həsr edilən “Qədim zəriflik: Kəlağayı” adlı tədbir milli mədəniyyətimizin qorunması, təbliği və zəngin ipəkçilik ənənələrimizin cəmiyyətə daha dolğun şəkildə çatdırılması məqsədilə keçirilib.
Çıxış edənlər bildiriblər ki, kəlağayı yüzilliklər boyu Azərbaycan qadınının zövq, səliqə və mənəvi saflıq rəmzi kimi formalaşıb və bu gün milli kimliyimizin mühüm simvollarından biri kimi öz əhəmiyyətini qoruyub saxlayır.
Həmçinin iştirakçılara kəlağayının yaranma tarixi, ipək istehsalı ənənələri və naxışların mənası haqqında ətraflı məlumat verilib.
Tədbir çərçivəsində muzeydə təşkil olunan sərgidə müxtəlif dövrlərə aid kəlağayı nümunələri nümayiş olunub.
Sonda Salyan rayon Mədəniyyət Mərkəzinin solistləri Balaş Zamanov və Rəşad Vəlizadənin ifasında Azərbaycan milli və estrada mahnıları təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Kəlağayısı Gününə həsr olunan sərgi noyabrın 30-na kimi davam edəcək.