ŞAMAXI-QUBA AVTOMOBİL YOLUNUN İNŞASI BU ƏRAZİDƏ İQTİSADİYYATIN İNKİŞAFINA TƏKAN VERƏCƏKDİR
Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Şamaxı-Quba yolunun inşası mərkəzi və qərbi regionlar, həmçinin Gürcüstan vasitəsilə beynəlxalq ticarət axını üzrə vaxt sərfinin və nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaqdır.
Azərbaycanda magistral yolların inkişaf etdirilməsi çərçivəsində Nəqliyyat Nazirliyi ilə Koreya Respublikasının “Pyunghwa Engineering Consultants Ltd” şirkəti arasında cari il mayın 19-da Şamaxı-Quba avtomobil yolunun Texniki İqtisadi Əsaslandırılması (TİƏ), işçi layihəsinin işlənib hazırlanması və tikintisinin həyata keçirilməsinə dair imzalanmış Anlaşma Memorandumuna əsasən, həmin şirkət tərəfindən TİƏ hazırlanmış və rəy verilməsi üçün nazirliyə təqdim edilmişdir.
Bu layihənin həyata keçirilməsi nəticəsində Şamaxı ilə Quba arasında 105,4 kilometrlik yol mövcud yolla müqayisədə məsafəni 150 kilometrdən çox qısaltmaqla vaxt sərfinin və nəqliyyat xərclərinin xeyli azalmasına səbəb olacaqdır. Hazırda Quba ilə Şamaxı arasında birbaşa avtomobil yolu olmadığına görə bu məntəqələr arasında sərnişin və yük daşınması mövcud sahilyanı yol ilə, Bakıdan keçərək 261 kilometr yolu dövrə vurmağa məcbur edir.
Şamaxı-Quba yolunun inşası nəticəsində məsafənin qısaldılması bu ərazidə iqtisadiyyatın inkişafına təkan verəcək, regionda ticarət və nəqliyyat mərkəzi olmaqla, Azərbaycan öz mövqeyini daha da möhkəmləndirəcəkdir. Şamaxı ilə Quba arasında dərə və çaylar çoxluq təşkil etdiyinə görə, 24 körpünün tikilməsi nəzərdə tutulur. Körpülərin ümumi uzunluğu təqribən 3. 675 metr olacaqdır. Tikintinin aparılması çətin olan ərazilərdə uzunluğu 580 metr, 1 kilometr və 2 kilometr olan 3 tunelin çəkilməsi də planlaşdırılır.