Şamaxıda oftalmoloji aksiya və konfrans keçirilib
Bakı, 5 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın 100 illik yubileyləri ilə əlaqədar olaraq Milli Oftalmologiya Mərkəzi və TƏBİB-in tabeçiliyində olan Şamaxı Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə tibbi aksiya və konfrans keçirilib.
Azərbaycan Oftalmoloqlar Cəmiyyətindən AZƏRTAC-a verilən məlumata görə, konfransda akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, təşkilati-metodik bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva “Azərbaycanın ictimai-siyasi həyatında iz buraxmış görkəmli alim Zərifə Əliyevanın həyat yolu barəsində”, “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Emin Hüseyn “Zərifə Əliyeva və onun oftalmologiya sahəsinə gətirdiyi yeniliklər göz xəstəliklərində uğurlu müalicənin tətbiqi sayəsində respublikada traxoma xəstəliyinin aradan qaldırılması və uğurlu tədqiqatları”, Şamaxı RMX-nın İlkin Səhiyyə xidmətinin şöbə müdiri Leyla Bəkirova “Zərifə xanım Əliyevanın fəaliyyəti. Azərbaycanda oftalmologiya elminin inkişafına verdiyi töhfələr” mövzusunda təqdimatlarla çıxış ediblər.
Aksiya zamanı isə şəhid ailələri, müharibə veteranları, aztəminatlı ailələrdən olan şəxslərin müasir avadanlıqlar vasitəsilə kompleks şəkildə göz müayinəsi aparılıb, görmə itiliyi, göz təzyiqi, göz dibi xəstəlikləri yoxlanılıb və onlara müvafiq olaraq müalicələr təyin olunub.
Aksiya çərçivəsində 68 nəfər müayinə olunub. Müayinələr əsasında refraksiya patologiyası, retinopatiya, presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkarlanıb.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Günay Rüstəmbəyova, Aynur Nəbiyeva tərəfindən həyata keçirilib.
Aksiyada mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölmənin müdiri Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi Elçin Həsənov və digər işçi heyəti də iştirak edib.