MƏDƏNİYYƏT
Şamaxıda Sabir poeziya günləri keçirilmişdir
Şamaxı, 31 may (AZƏRTAC). Böyük Azərbaycan şairi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasından 152 il ötür.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə görkəmli şairin doğulduğu Şamaxıda Sabir poeziya günləri keçirilmişdir.
Hər il may ayının sonunda Sabir poeziya günləri silsilə yubiley tədbirlərindən biri kimi Azərbaycanın ədəbiyyat və mədəniyyət xadimlərini bir araya gətirir.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsini ziyarət edərək önünə tər çiçəklər düzmüşlər.
Daha sonra iştirakçılar Mirzə Ələkbər Sabirin və Seyid Əzim Şirvaninin qəbirüstü abidələrini, M.Ə.Sabirin ev-muzeyini və yeni təmir olunmuş və ətrafı abadlaşdırılmış abidəsini ziyarət etmişlər.
Sonra tədbir rayon mədəniyyət sarayında davam etmişdir.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək tədbirin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Sabir poeziya günləri 1962-ci ildən etibarən hər il ənənəvi olaraq təşkil olunur. O, M.Ə.Sabirin XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən, S.Ə.Şirvani ədəbi məktəbinin ən layiqli davamçılarından biri olduğunu söyləmişdir.
Tədbirdə Sabir poeziya günləri təşkilat komitəsinin sədri Əjdər Ol və digər şair və yazıçılar Mirzə Ələkbər Sabirin keçdiyi çətin həyat yolundan, onun şeirlərinin Azərbaycan ədəbiyyatındakı yerindən danışmışlar. Şairin yaşadığı dövrün aparıcı mətbuat orqanlarında tez-tez çıxış etdiyi də vurğulanmışdır.
Sabir poeziya günləri görkəmli poeziya ustasının şeirlərindən parçaların səsləndirilməsi və rəngarəng konsert proqramı ilə davam etmişdir.