İQTİSADİYYAT
Samux rayonunun Qılıncbəyli kəndinə təbii qaz verilişi bərpa olunmuşdur
Bakı, 14 sentyabr (AZƏRTAC). “Azəriqaz” İstehsalat Birliyi (İB) “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində intensiv işlər həyata keçirir. Samux rayonunun qazlaşdırılması məqsədi ilə görülən genişmiqyaslı işlər də bu baxımdan xarakterikdir.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 14-də Samux rayonunun Qılıncbəyli kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin və rayon icra hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Samux rayonunun Qılıncbəyli kəndinə təbii qazın bərpası münasibətilə keçirilmiş tədbirdə qeyd edilmişdir ki, kəndin qazlaşdırılması üçün ikipilləli sistem əsasında 17 min 302 metr uzunluğunda polad borular çəkilmiş, 340 abonentin mənzilinə sayğac, qaz şəbəkəsində isə 2 ədəd qaz tənzimləyici şkaf quraşdırılmışdır.