San Patrignano Cəmiyyəti ilə əlaqələrin genişləndirilməsi müzakirə edilib
Bakı, 27 aprel, AZƏRTAC
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev San Patrignano Cəmiyyətinin qurucusu və nümayəndəsi Letizia Moratti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə qonaq foruma ev sahibliyə etdiyinə görə Azərbaycan hökumətinə öz təşəkkürünü bildirib. Forumu Azərbaycanın inkişaf və həyatsevərlik təzahürü, siyasi mədəniyyət axtarışlarının və xoş məramın təsdiqi olduğunu diqqətə çatdırıb. Dünyanın çoxsaylı ölkələrindən nüfuzlu siyasətçiləri, alimlər, ictimai-siyasi xadimlər, elm, mədəniyyət adamlarının bir araya gəlməsindən məmnunluğunu ifadə edib. Qonaq üç gün ərzində forumun müxtəlif ideyaların bölüşdürülməsi, təkliflərin irəli sürülməsi baxımından XXI əsrin böyük bir platformasına çevrildiyini diqqətə çatdırıb.
Nazir Əbülfəs Qarayev Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələrdən söz açaraq ölkələr arasında ikitərəfli əməkdaşlıq, mədəniyyət və turizm sahələrində birgə layihələrin reallaşdırılması haqqında fikirlərini bölüşüb.