SANKT-PETERBURQDA “ŞƏRQŞÜNASLIQ VƏ QAFQAZIN TARİXİ” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLMİŞDİR
Birinci gün şərqşünaslığın müasir problemləri və Sankt-Peterburq məktəbinin xüsusi yeri müzakirə olunmuşdur. Konfransın ikinci günü isə Azərbaycanın baş konsulluğu konfrans çərçivəsində Qafqazın tarixinə həsr olunmuş seminar təşkil etmişdir. Baş konsul Qüdsi Osmanov çıxışında son illər Cənubi Qafqazda baş verən proseslərdən danışaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzərində ətraflı dayanmışdır. O demişdir ki, münaqişə nəticəsində Ermənistan silahlı qüvvələri Azərbaycanın təkcə Dağlıq Qarabağ bölgəsini deyil, onun ətrafındakı yeddi rayonu da işğal etmişlər. Bu münaqişə xalqımıza böyük maddi və mənəvi zərbə vurmuş, bir milyondan çox azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilmişdir. Q.Osmanov vurğulamışdır ki, Azərbaycan rəhbərliyi geniş islahatlar həyata keçirir, iqtisadiyyatımız sürətlə inkişaf edir, ölkəmiz ümumi daxili məhsulun artım sürətinə görə dünyada liderdir.
Baş konsul Azərbaycan alimlərinin şərqşünaslıq elminin yaradılması və inkişafına töhfəsindən danışarkən Sankt-Peterburq Dövlət Universiteti şərqşünaslıq fakültəsinin birinci dekanı Mirzə Kazımbəyin və bu ali məktəbin məzunları olan həmvətənlərimizin adlarını çəkmişdir.
Sonda tədbir iştirakçılarına “Xocalı soyqırımı” kitabları paylanmışdır.