İQTİSADİYYAT
Şanxay Əməkdaşlıq Təşkilatı beynəlxalq konfransın media tərəfdaşı kimi AZƏRTAC-ı seçib
Bakı, 9 noyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Qazaxıstanın Aktau şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) İşgüzar Şurasının himayəsi altında “Xəzər paradiqması/ŞƏT enerji forumu” adlı V beynəlxalq konfrans keçirilir.
ŞƏT-in İşgüzar Şurası konfransın informasiya tərəfdaşı kimi AZƏRTAC-ı seçib. İşgüzar dairələrdə böyük nüfuza malik təşkilat bu seçimi edərkən agentliyimizin beynəlxalq enerji əməkdaşlığı məsələlərinə marağını və peşəkarlığını nəzərə alıb.
İşgüzar Klubun direktoru D.V.Tyurinin AZƏRTAC-a ünvanladığı məktubda belə bir əminlik ifadə olunur ki, agentlik konfransın işini geniş və hərtərəfli işıqlandıracaq. İşgüzar Klub rəhbərliyinin bu təklifi məmnuniyyətlə qəbul olunub və agentliyin əməkdaşı Aktauya ezam edilib. Artıq konfransın işindən bəhs edən informasiyalar, videoxəbərlər, həmçinin iştirakçıların müsahibələri AZƏRTAC-ın kanalları ilə bir neçə dildə yayılmağa başlayıb.
ŞƏT-ə üzv dövlətlərin milli energetika strategiyalarını, ənənəvi və alternativ enerji sahəsində beynəlxalq əməkdaşlığın perspektivli layihələrini müzakirə etmək üçün konfransa tanınmış peşəkarlar, görkəmli alimlər, siyasətçilər və dövlət orqanlarının nümayəndələri dəvət olunublar.
Xatırladaq ki, Təşkilata Qazaxıstan, Çin, Hindistan, Rusiya kimi böyük dövlətlər daxildir. Azərbaycan və Türkiyə İşgüzar Klubun dialoq üzrə tərəfdaşları arasındadır.