SƏBAİL RAYON İCRA HAKİMİYYƏTİNİN ŞURA İCLASINDA MÜHÜM MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, aprelin 11-də Səbail Rayon İcra Hakimiyyətində keçirilən geniş şura iclasında əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin təşkili, abadlıq və quruculuq işlərinin vəziyyəti, ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar həyata keçirilən tədbirlər, qarşıdan qələn prezident seçkiləri və əhalinin ümumi siyahıyaalınması ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Rayonun müvafiq təşkilatlarının, dövlət komitələri və baş idarələrin rəhbərlərinin iştirak etdikləri iclası Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov açaraq, müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində və dünya miqyasında tanınmasında müdrik siyasətçi Heydər Əliyevin tarixi xidmətlərindən danışmışdır.
Ümummilli liderimizin 1969-cu ildən Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra respublikamızın tərəqqisi naminə gördüyü işlərdən, yenidən hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimizin qorunub saxlanması və dövlətçiliyimizin möhkəmləndirilməsi sahəsindəki misilsiz xidmətlərindən söz açan natiq vurğulamışdır ki, Heydər Əliyev Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxarmağı özünün ən müqəddəs işi hesab etmiş, qüdrətli zəkası, zəngin dövlətçilik təcrübəsi ilə buna nail olmuşdur. Məhz ulu öndərimizin titanik fəaliyyəti nəticəsində Azərbaycan bu gün beynəlxalq aləmdə layiqli yer tutur, ölkəmiz ümummilli liderin müəyyənləşdirdiyi strateji inkişaf yolu ilə inamla irəliləyir.
Bildirilmişdir ki, bu gün Azərbaycanda ölkəmizin sərvətlərinin xalqımızın rifahının yaxşılaşdırılması naminə düzgün istifadə olunmasına yönəldilmiş kompleks tədbirlər həyata keçirilir.
Aztəminatlı ailələri dövlət qayğısı ilə əhatə etmək və yoxsulluğun səviyyəsini azaltmaq məqsədi ilə 2006-cı il iyulun 1-dən respublikada ünvanlı dövlət sosial yardımı mexanizminin tətbiqinə başlanılmışdır. Ünvanlı dövlət sosial yardımı mexanizminin Səbail rayonunda tətbiqinin nəticələrini, aztəminatlı ailələrin bu yardımlardan istifadə inkanlarının və onların üzləşdikləri problemlərin təhlil edilməsi məqsədi ilə rayon icra hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından ibarət komissiya yaradılmış, mövcud vəziyyət ətraflı araşdırılmışdır.
Aparılan araşdırmalar göstərmişdir ki, sosial yardım almaq üçün Səbail Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edən ailələr barədə bütün məlumatlar toplanaraq, onlara ünvanlı dövlət sosial yardımlarının verilməsi barədə qərar qəbul edilir.
2007-ci ildə rayonda 756 ailəyə sosial yardım təyin edilmişdir. Ötən ilin yekunlarına görə, hər bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 67,70 manat olmuşdur.
Ünvanlı dövlət sosial yardımı alanların rayon ƏSMM-in fəaliyyəti və üzləşdikləri problemlərlə bağlı rəyləri öyrənilərkən məlum olmuşdur ki, bəzən vətəndaşlar bununla bağlı tələb olunan sənədlərin toplanmasında çətinliklərlə üzləşirlər. Şura iclasında ehtiyacı olan vətəndaşlara ünvanlı dövlət sosial yardımının verilməsi üçün hər cür şəraitin yaradılması bir daha müvafiq qurumların rəhbərlərinin nəzərinə çatdırılmışdır.
Müzakirələrdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov bu yardımların verildiyi ilyarım ərzində toplanmış təcrübənin, aşkarlanan nöqsanların nazirlik tərəfindən təhlil edilərək qarşıya çıxan problemlərin həllini sadələşdirmək məqsədi ilə hazırlanmış təkliflər barədə məlumat vermişdir.
Şura iclasında Səbail rayonunda aparılan abadlıq və quruculuq işlərinin vəziyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində Səbail rayonu ərazisindəki tarixi-memarlıq abidələrinin və bağların öz qədimliyini saxlamaqla müasirləşməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirilməkdədir.
Qeyd olunmuşdur ki, Şəhidlər xiyabanı, Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsində yerləşən bağ, Sabir və Nizami bağları, “Azneft” meydanı və Muzey Mərkəzinin qarşısındakı fəvvarə kompleksləri yenidən qurulmuşdur. Nazirlər Kabinetinin qarşısında və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının ətrafında yerləşən bağlarda yenidənqurma işləri davam etdirilir. Bibiheybət məscidinin ətraf ərazilərinin abadlaşdırılması başa çatmaq üzrədir.
Rayonun mərkəzində yerləşən binaların fasadları təmir olunaraq müasir işıqlandırma sistemləri ilə təchiz edilmiş, kommunikasiya xətləri təzələnmiş, fasadlardakı elektrik naqilləri yeraltı xətlərlə əvəz olunmuşdur. Eyni zamanda Nizami küçəsinin S.Vurğun küçəsi və Bülbül prospekti ilə kəsişməsində piyadalar üçün iki yeni yeraltı keçid inşa olunmuş, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yanındakı yeraltı keçid əsaslı şəkildə yenidən qurularaq sakinlərin istifadəsinə verilmişdir.
“İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi ərazisində bərpa və yenidənqurma işləri aparılmışdır. Şəhərimizin əvəzsiz incilərindən olan Milli Parkın əsaslı surətdə yenidən qurulması işlərinə başlanılmışdır.
Şura iclasında çıxış edənlər görülmüş işləri təqdir etməklə yanaşı, problemlərə də toxunmuşlar. Bu problemlər sırasında istismara yararsız işıq dirəklərinin yeniləri ilə əvəz olunması, transformator məntəqələrindən evlərə çəkilmiş hava elektrik xətlərinin yeraltı kabellərlə əvəzlənməsi və s. sadalanmışdır.
Sonra ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planı haqqında məlumat verilmiş, qarşıdan gələn prezident seçkilərinə hazırlıqla əlaqədar vəziyyət, seçici siyahılarının dəqiqləşdirilməsi, 2009-cu ildə keçiriləcək əhalinin siyahıyaalınmasına hazırlıq sahəsində görülən işlər və digər məsələlər müzakirə olunmuşdur.
Qəbul edilmiş qərarda görüləcək işlərlə əlaqədar tədbirlər planının ardıcıllıqla və tam miqyasda həyata keçirilməsi üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilmiş, yerli təşkilatlara baş idarələrin yardımından istifadə etmək tövsiyə olunmuşdur.
İclasda Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dörd ildən artıq dövrdə ölkənin sürətli inkişaf yolu keçdiyi, iqtisadiyyatın gücləndiyi, vətəndaşların sosial rifahının yaxşılaşması istiqamətində xeyli işlərin görüldüyü xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, bütün bunlar Azərbaycan seçicisinin rəyinin formalaşmasında həlledici rol oynayacaqdır. Artıq dəfələrlə keçirilən ictimai rəy sorğuları nəticəsində də bəlli olmuşdur ki, 2008-ci ilin prezident seçkilərində Azərbaycan seçicilərinin mütləq əksəriyyəti İlham Əliyevin namizədliyini dəstəkləyəcəkdir.