Səbail rayonunda qanunsuz ət kəsimi ilə məşğul olan 7 nəfər saxlanılıb
Bakı, 1 avqust, AZƏRTAC
Bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında tətbiq edilən qadağa və məhdudiyyətlərə məhəl qoymadan gizli fəaliyyət göstərən ət kəsimi məntəqələrinin aşkarlanması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Səbail Rayon Polis İdarəsi və 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı “Badamdar” qəsəbəsində “Dərə” adlanan ərazidə qeyri-qanuni heyvan kəsimi həyata keçirildiyi məlum olub. Bu fəaliyyətlə məşğul olan ümumilikdə 7 nəfər saxlanılaraq 41-ci Polis Bölməsinə gətirilib. Bölmədə bu şəxslərlə profilaktik söhbətlər aparılıb və onlara etdikləri qanun pozuntusu barədə məlumat verilib.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onların hər biri cərimə ediliblər.