CƏMİYYƏT
Səbailli yeniyetmələr Qubaya istirahətə yola düşüblər VİDEO
Bakı, 5 avqust (AZƏRTAC). Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının komandanlığı və Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin birgə layihəsi əsasında rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, həmçinin “SOS-Azərbaycan” uşaq kəndində tərbiyə alan, ümumilikdə, 250-dən çox yeniyetmə üçün yay düşərgəsi təşkil edilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, “Sahil bağı”nda həmin yeniyetmələrin Quba şəhərinin ən mənzərəli yerində yerləşən, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Quba filialının bazasında yaradılmış hərbi-vətənpərvərlik təmayüllü, artıq 9-cu dəfə keçirilən “Şahinlər” yay istirahət düşərgəsinə yola salınması mərasimi keçirilib.
Tədbir Daxili Qoşunların hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət himninin ifası ilə başlanıb.
Rayon rəhbərliyinin, Daxili Qoşunların komandanlığının, düşərgəyə yollanan yeniyetmələrin, onların valideynlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunan yolasalma mərasimində çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən söhbət açıb. O, həmçinin ölkəmizdə yeniyetmələrə göstərilən diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışıb, uşaqlara şən və yaddaqalan istirahət arzulayıb. Qeyd olunub ki, düşərgənin fəaliyyəti rayon icra hakimiyyətinin və layihədə iştirak edən təşkilatçıların diqqət mərkəzində olacaq, burada istirahət üçün hər cür şərait yaradılacaq.
Bildirilib ki, yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində növbəti belə tədbir avqustun 18-dən başlayaraq Müdafiə Nazirliyi ilə birgə Qusar rayonunda təşkil ediləcək.
Düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq rayon icra hakimiyyəti tərəfindən bir sıra təşkilati işlər həyata keçirilib. Bir gün əvvəl istirahətə göndərilən uşaqlar və onların valideynləri, düşərgədə çalışacaq dəstə rəhbərləri ilə görüş təşkil edilib. Düşərgə, burada istirahətin təşkili, daxili qaydalar, keçiriləcək tədbirlər barədə ətraflı məlumat verilib. Uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınıb, Daxili Qoşunların Quba şəhərindəki “N” saylı hərbi hissəsi tərəfindən düşərgənin həyətində hərbi-səhra çadırları, səhra yeməkxanası qurulub.
Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət dövründə onlar üçün bir neçə dəfə təbiət qoynunda nahar təşkil ediləcək.
Bu il də düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri məşğul olacaqlar. Onlarla yanaşı, Daxili Qoşunların zabitləri, çavuş və əsgərlərindən ibarət qrup düşərgəyə təhkim olunublar. Onlar burada aparılacaq hərbi-hazırlıq, təlim-tərbiyə işlərində yaxından iştirak edəcəklər.
Daxili Qoşunların orkestrinin marş sədaları altında yeniyetmələr valideynləri ilə görüşərək onlar üçün ayrılmış avtobuslarla Qubaya yola düşüblər.
Yola düşməzdən əvvəl gənc “Şahinlər” ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə çiçək dəstələri düzüblər.