MƏDƏNİYYƏT
“SƏHƏR” BEYNƏLXALQ TELEVİZİYA ŞƏBƏKƏSİNİN 10 İLLİYİ
“Azərbaycan” mehmanxanasında İran İslam Respublikasının “Səhər” beynəlxalq televiziya şəbəkəsinin 10 illiyinə həsr olunmuş mərasim keçirilmişdir.
Mərasimdə iştirak etmək üçün Tehrandan gəlmiş qonaqlar əvvəlki gün Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini anmışlar.
Mərasimin əvvəlində İranın və Azərbaycanın dövlət himnləri səsləndi.
İranın Bakıdakı səfiri Əhəd Qəzai mərasimi açaraq, iştirakçıları salamladı, ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərindən söhbət açdı. Səfir Azərbaycan Prezidenti Heydər Əliyevin İrana son rəsmi səfərindən sonra əməkdaşlığın daha da genişləndiyini xüsusi vurğuladı.
“Səhər” beynəlxalq televiziya şəbəkəsinin baş müdiri Möhsün Şərifzadə televiziyanın fəaliyyəti haqqında ətraflı məlumat verdi, onun 8 dildə, o cümlədən Azərbaycan dilində verilişlər hazırlayıb yayımladığını söylədi.
Mərasimdə çıxış edən digər natiqlər şəbəkənin əməkdaşlarını yubiley münasibətilə təbrik etdilər, gələcək işlərində uğurlar arzuladılar.
Sonra “Səhər” də Azərbaycana aid, o cümlədən erməni işğalı altında olan Şuşa şəhəri ilə bağlı kadrlar nümayiş etdirildi, İran incəsənət ustalarının ifasında Azərbaycan və fars dillərində şerlər, mahnılar səsləndi.