Şəhid Aqil Məlikova həsr olunan ədəbi-bədii kompozisiya ictimaiyyətə təqdim edilib
Masallı, 25 aprel, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Mədəniyyət Mərkəzində şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Masallıda çıxan həftəlik "Yeni həyat" qəzetinin baş redaktor müavini Rəsul Rzayevin Böyük Xocavar kəndində boya-başa çatmış, Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Aqil Məlikova həsr etdiyi "Oğul arxalı Vətən" poemasının motivləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiyası ictimaiyyətə təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ədəbi-bədii kompozisiya Masallı Regional Mədəniyyət Mərkəzi, Masallı Dövlət Regional Kolleci və Böyük Xocavar kənd tam orta məktəbinin kollektivləri tərəfindən hazırlanıb.
Tədbirin rəsmi hissəsində Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov, "Masallı ziyalıları" İctimai Birliyinin sədri Qardaş Fətullayev, şəhidin atası Qismət Məlikov, Böyük Xocavar kənd tam orta məktəbinin direktoru Abusət Zeynalov, kənd ziyalısı Rəyasət İbrahimov çıxış edərək şəhid Aqil Məlikov haqqında xatirələri yada salıb, kitab haqqında rəy və təklifləri söyləyib, ədəbi-bədii kompozisiyanın hazırlayanlara minnətdarlıqlarını bildiriblər.