Şəhid futbolçu Nəriman Əlizadənin xatirəsinə həsr olunmuş minifutbol turniri keçirilib
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondu və “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin dəstəyi ilə Biləsuvar Olimpiya İdman Kompleksində məktəblilər arasında minifutbol turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhid futbolçu Nəriman Əlizadənin xatirəsinə həsr olunmuş turnirdə 16 komanda birincilik uğrunda mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışda Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbin komandası birinci yer, Xırmandalı kənd 2 nömrəli tam orta məktəbin komandası ikinci, Xırmandalı kənd 1 nömrəli məktəbinin komandası isə üçüncü yerin qalibi olub. Qaliblər kubok, medal və fəxri fərmanlarla təltif ediliblər.
Qeyd edək ki, Tural Əhmədlinin rəhbəri olduğu “Şəhid futbolçu Nəriman Əlizadənin xatirəsinə həsr olunmuş məktəblərarası minifutbol turniri” layihəsi Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı reallaşdır-2022” gənclərin fərdi layihələr qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. Layihə Biləsuvar Rayon Gənclər və İdman İdarəsi, Biləsuvar Gənclər Evi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin tərəfdaşlığı ilə baş tutub.