MƏDƏNİYYƏT
Şəhid Mirməhəmmədəli Rzazadənin xatirəsi anılıb
Bakı, 13 iyul, AZƏRTAC
Lənkəran Regional Mədəniyyət İdarəsinin əməkdaşları 44 günlük Qarabağ müharibəsində Vətən, dövlət və xalq qarşısında öz borcunu şərəflə yerinə yetirərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Mirməhəmmədəli Rzazadə Tərlan oğlunun doğum günü münasibətilə xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb. Sonra şəhidin döyüş yolundan, vətənpərvərliyindən bəhs edilib.
Qeyd edək ki, Lənkəran rayonunun Şilavar kəndində dünyaya göz açmış şəhid Mirməhəmmədəli Rzazadə ölümündən sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
Mirməhəmmədəli Rzazadə, həmçinin Aprel döyüşlərinin iştirakçısı olub.