Barselonada Azərbaycanın Müstəqillik Günü və Rəsulzadənin 140 illik yubileyi qeyd olunub
Bakı, 30 may, AZƏRTAC
İspaniyanın Barselona şəhərində 28 May – Müstəqillik Günü və Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi qeyd olunub.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın Müstəqillik Günü və Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonra “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin və Barselona Azərbaycan Evinin rəhbəri Kərim Kərimov soydaşlarımızı və ölkəmizin dostlarını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib. Tədbirin Azərbaycan Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının rəhbər tutularaq təşkil edildiyini bildirən Kərim Kərimov Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şanlı səhifələrindən biri olduğunu deyib.
Tədbir Azərbaycan və ispan musiqiçilərinin, eləcə də rəqs qruplarının ifasında rəngarəng konsert proqramı ilə davam edib.