Yazıçılar Birliyində “Qədir Aslan - 80” xatirat kitabının təqdimatı olub
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyində (AYB) yazıçı, publisist, Əməkdar jurnalist Qədir Aslanın 80 illik yubileyi münasibətilə çap olunmuş “Qədir Aslan 80” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi, tanınmış elm, mədəniyyət və ictimai xadimlər iştirak ediblər.
Tədbirdən əvvəl AYB-nin sədri, Xalq yazıçısı Anar Rzayev Qədir Aslanla görüşərək, Azərbaycan Yazıçılar Birliyinin onun zəngin yaradıcılığına yüksək qiymət verdiyini bildirib. Yubilyara xoş və səmimi arzularını çatdıran Anar, Qədir Aslana Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlük vəsiqəsini təqdim edib.
Sonra Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Qədir Aslan – 80” xatirat kitabı oxuculara təqdim olunub.
Mərasimdə çıxış edən AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu bildirib ki, kitabda Qədir Aslanın müxtəlif dövrlərdə yazdığı fundamental məqalələri ilə yanaşı, Azərbaycanın tanınmış elm, təhsil, mədəniyyət və ictimai xadimlərinin yubilyarın zəngin yaradıcılığı ilə bağlı fikirləri və xoş xatirələri çap olunub. Qədir Aslanın çoxşaxəli yaradıcılıq imkanlarına malik olduğunu bildirən S.Babullaoğlu Azərbaycan Yazıçılar Birliyinin katibliyi adından hazırlanmış təbrik məktubunu və xatirə hədiyyəsini yubilyara təqdim edib.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid Qədir Aslan yaradıcılığını özündə əks etdirən belə bir dəyərli kitabın işıq üzü görməsinə görə Azərbaycan Yazıçılar Birliyinə və şəxsən kitabın tərtibatçısı Səlim Babullaoğluna təşəkkürünü bildirib: “Qədir Aslan xoşbəxt insandır ki, onun qayğıkeş ailəsi, övladları var. Kitab da məhz Qədir Aslanın həyat-yaradıcılığını özündə əks etdirir. Qədir Aslanın peşəkar jurnalist fəaliyyəti bu gün də bizim üçün əhəmiyyətli və gərəklidir. Tam məsuliyyətimlə deyə bilərəm ki, Qədir Aslanın peşəkar jurnalist fəaliyyətini indiki və gələcək nəslə örnək göstərmək olar”.
Yazıçı-publisisti yubileyi münasibətilə təbrik edən Rəşad Məcid Qədir Aslana Mətbuat Şurasının fəxri diplomunu təqdim edib.
Tədbirdə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, Əməkdar artist Rafiq Həşimov, professor Almaz Ülvi, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs və digər tanınmış simalar çıxış edərək Qədir Aslan yaradıcılığının bədii, ictimai məziyyətlərindən söz açıblar.
Mərasimdə Qədir Aslan yaradıcılığına verilən yüksək dəyərə və haqqında belə bir dəyərli kitabın nəşr olunmasına görə Yazıçılar Birliyinin kollektivinə minnətdarlığını bildirib.