CƏMİYYƏT
Şəhidlərimizin əziz xatirəsi Malayziyada ehtiramla anılıb
Pekin, 29 sentyabr, AZƏRTAC
Azərbaycanın Malayziyadakı səfirliyi Kuala Lumpur şəhərində fəaliyyət göstərən Yunus Əmrə İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Kuala Lumpur şəhərində yaşayan Azərbaycan icmasının üzvlərinin iştirak etdikləri tədbirdə əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Səfir İrfan Davudov ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatı ilə suverenliyimizin tam bərpası, Azərbaycan dövlətinin regionda yaratdığı ədalətli reallıqlardan danışıb, bütün regionda əmin-amanlığın və əməkdaşlığın bərqərar edilməsi üçün ölkəmizin yürütdüyü sülh siyasəti və təklif etdiyi sülh gündəliyi haqqında ətraflı məlumat verib. Bildirib ki, Ermənistanın məğlubiyyəti ilə barışmaq istəməyən, revanş xəyalı ilə yaşayan qüvvələr və onların havadarları sülh prosesini pozmağa cəhd edirlər.
Səfir Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasındakı proqram xarakterli çıxışına istinad edərək, ölkəmizin inkişaf strategiyası, dövlətin və cəmiyyətin, o cümlədən xaricdə yaşayan həmvətənlərimizin qarşısında duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə 44 günlük Vətən müharibəsinə və antiterror əməliyyatına dair videoçarxlar nümayiş etdirilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin