CƏMİYYƏT
Şəhidlərin xanımlarının təhsilinə dəstək proqramı ilə bağlı görüş keçirilib
Bakı, 30 sentyabr, AZƏRTAC
Sentyabrın 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Azərbaycan Banklar Assosiasiyası ilə birgə həyata keçirdiyi “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının icrası məqsədilə Vətən müharibəsi şəhidlərinin cari ildə ali məktəblərə qəbul olmuş həyat yoldaşları ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətin şəhid ailələrinə diqqət və qayğısından bəhs edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tədbirin layihə çərçivəsində artıq 2-ci dəfə keçirildiyini bildirib. “Komitənin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə baş tutan tədbir şəhid ailələrinin cəmiyyətdəki iştirakçılığının daha da artırılması məqsədi daşıyır”, - deyə Komitə sədri əlavə edib.
Sonra layihənin ilk tədbirindən fraqmentlərin əks olunduğu videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev bildirib ki, bütün bankların yekdil qərarı ilə təsdiqlənən və dəstəklənən bu layihə Assosiasiyasının ən uğurlu işlərindən biri hesab olunur. “İnanırıq ki, bundan sonra da bu uğurlu layihə silsiləli xarakter alacaq və biz bu nəcib işin davamlılığından irəli gələn bütün digər məsələlərdə də öz dəstəyimizi davam etdirəcəyik”, - deyə Assosiasiya prezidenti vurğulayıb.
Daha sonra şəhidlərin xanımları çıxış edərək, göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına, bu cür şəraiti yaratdığı üçün təşkilatçılara təşəkkürlərini bildiriblər.
Sonda xanımlara sertifikat və mükafatlar təqdim edilib.