“ŞƏKİ-İPƏK” ASC-DƏ ƏMƏYİN MÜHAFİZƏSİ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Toxucu və Yüngül Sənaye İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə aprelin 28-də “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətində Ümumdünya Əməyin Mühafizəsi gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbirdən öncə Respublika Komitəsinin nümayəndələri müəssisənin istehsal sexləri ilə tanış olmuş, işçilərin iş şəraiti ilə maraqlanmışlar.
Tədbirdə “Şəki-İpək” ASC həmkarlar ittifaqı təşkilatının sədri Sevil İsmayılova bölgənin bu iri sənaye müəssisəsinin fəaliyyəti, son vaxtlar burada aparılan yenidənqurma işləri barədə məlumat vermişdir. Bu günlər respublikamızın hər yerində olduğu kimi, Şəkidə də ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı geniş tədbirlərin həyata keçirildiyini bildirən təşkilat sədri rayonun iqtisadiyyatında mühüm rol oynayan bu müəssisənin fəaliyyətinin bərpa edilməsində ulu öndərin böyük xidmətləri olduğunu xüsusi vurğulamışdır. Ümummilli liderimizin Şəkiyə səfəri zamanı müəssisəyə baş çəkməsi, Səhmdar Cəmiyyətin fəaliyyəti ilə bağlı müvafiq sərəncam imzalaması, göstərişlər verməsi hazırda 1600 nəfərə yaxın işçinin çalışdığı müəssisənin fəaliyyətini daha da gücləndirmiş, şəhər əhalisinin məşğulluğunun təmin olunmasına ciddi təsir göstərmişdir.
Tədbirdə Toxucu və Yüngül Sənaye İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Nərgiz Məmmədova çıxış edərək Beynəlxalq Əmək Təşkilatının qərarına əsasən hər il aprelin 28-nin Ümumdünya Əməyin Mühafizəsi günü kimi qeyd edildiyini bildirmiş, ölkəmizdə həmkarlar ittifaqları hərəkatının gücləndirilməsində ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmişdir.
Komitə sədri bildirmişdir ki, 1993-cü ildə ümummilli liderimizin yenidən hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, həmkarlar ittifaqlarının fəaliyyətində də ciddi dönüş yaranmış, bu qurumun cəmiyyətdəki statusu və yeri müəyyənləşdirilmiş, beynəlxalq standartlara cavab verən Həmkarlar İttifaqları haqqında Azərbaycan Respublikasının Qanunu və digər normativ aktlar qəbul edilmişdir.
Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova əlamətdar tarixi gün - ulu öndərimizin 85 illik yubileyi ərəfəsində belə bir tədbirin Şəkidə keçirilməsinə şərait yaratdıqlarına görə komitənin nümayəndələrinə şəhər rəhbərliyi adlndan minnətdarlığını bildirmişdir.