Şəki Regional Mədəniyyət İdarəsinin müəssisələri fəaliyyətlərini onlayn qaydada davam etdirir
Şəki, 28 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Şəki Regional Mədəniyyət İdarəsinin rəhbərliyi qurumun tabeliyində olan müəssisələrin fəaliyyətini müasir informasiya texnologiyalarından geniş istifadə etməklə onlayn qaydada tənzimləyir və təşkil edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Regional İdarənin rəisi Mirvari Zeynalovanın mədəniyyət müəssisələrinin rəhbərləri ilə aprelin 28-də keçirdiyi növbəti videokonfransda İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 75 illik yubileyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə onlayn formada keçiriləcək tədbirlərə hazırlıq məsələləri geniş müzakirə olunub.
İdarə rəisi əvvəlcə Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə keçirilən son videokonfransda verilən tapşırıqları, həmçinin “Mədəniyyətimizi virtual məkanda tanıdaq” müsabiqəsində region üzrə müəssisələrin fəallığının artırılması ilə bağlı məsələləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Videokonfransda sosial şəbəkələr üzərindən fəaliyyətin daha da genişləndirilməsi, Regional İdarənin tabe müəssisələrində koronavirus əleyhinə tibbi-profilaktik dezinfeksiya işlərinin davam etdirilməsi, özünütəcrid şəraitində yaşayan, sosial ehtiyacı olan ahıl insanlara, təqaüddə olan mədəniyyət işçilərinə və aztəminatlı ailələrə maddi və mənəvi yardımların davam etdirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb, müəssisə rəhbərlərinə tapşırıq və tövsiyələr verilib.
Sonra müəssisə rəhbərlərinin ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabatları dinlənilib.