REGİONLAR
Şəkidə 63,8 min hektar taxıl sahəsində gəmiricilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılıb
Şəki, 8 may, Mustafa Dadaşov, AZƏRTAC
Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəki rayonunun təsərrüfatlarında ötən ilin payızında cari ilin məhsulu üçün 67 min 766,7 hektar sahədə taxıl əkilib. Taxıl əkinlərinin 42 min 852,7 hektarını buğda, 24 min 914 hektarını arpa sahələri təşkil edir. Aparılan səpinin 19 min 252 hektarı suvarılan, 47 min 163,7 hektarı isə dəmyədir. Hava şəraiti ilə əlaqədar 1351 hektarda bitkinin çıxışı alınmayıb. Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin və rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən indiyədək 63 min 799 hektar sahədə siçanabənzər gəmiricilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Tələt Mehdiyev məlumat verib.
Qurum rəsmisi bildirib ki, kimyəvi mübarizə tədbirləri 51 min 714 hektarda büdcə vəsaiti hesabına həyata keçirilib. Eyni zamanda, 12 min 85 hektarda dərin şum aparmaqla mexaniki-aqrotexniki mübarizə tədbirləri yerinə yetirilib.
Mərkəzin rəisinin sözlərinə görə, bundan əlavə, indiyədək fermerlər tərəfindən 14 min 962 hektarda taxıl böcəyi sürfələrinə, 5 min 281 hektarda pas xəstəliyinə, 43 min 510 hektarda isə alaq otlarına qarşı mübarizə tədbirləri aparılıb. Hazırda torpaq mülkiyyətçiləri tərəfindən taxıl sahələrinə yemləmə gübrəsinin verilməsi, alaq otları və pas xəstəliklərinə qarşı kompleks mübarizə tədbirləri davam etdirilir. Mübarizə tədbirləri zamanı kökdən kənar yemləmə gübrəsindən və boy tənzimləyicilərindən geniş istifadə olunur.
Tələt Mehdiyev bildirib ki, bununla yanaşı, hazırda meyvə və üzüm bağlarında da xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir. Mərkəzin mütəxəssislərinin tövsiyəsi ilə indiyədək fermerlər tərəfindən 60 hektar meyvə bağında moniliyoz, dəmgil və yarpaq qıvrılması xəstəliyinə qarşı, 280 hektarda alma yaşıl mənənəsi, albalı selikli mişarçısı, alma meyvəyeyəni, armud bağacığı, qırmızı gənəciklər və digər zərərvericilərə, həmçinin 135 hektar üzüm bağında mildiyu xəstəliyinə qarşı kimyəvi mübarizə tədbirləri aparılıb.