ŞƏKİDƏ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 90 İLLİK YUBİLEYİ QEYD EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mayın 27-də Şəki Dövlət Dram Teatrının zalında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 90 illik yubileyinə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, ziyalıların iştirak etdiyi tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və qazandığı uğurlar barədə danışmışdır. Bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması 1918-ci ildə baş versə də, xalqımızın milli dövlətçilik arzuları hələ XIX əsrin əvvəllərində formalaşmağa başlamışdı. O dövrdə xalqımızın görkəmli ictimai-siyasi xadimləri, mütəfəkkirləri, ziyalıları azadlıq və istiqlalın mühüm əhəmiyyətə malik olduğunu qeyd edir, öz əsərlərində, çıxışlarında xürafata, mövhumata və geriliyə qarşı çıxırdılar. Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, dövlət müstəqilliyini əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır.
Qeyd edilmişdir ki, AXC-nin qəbul etdiyi qanunlar, İstiqlal Bəyannaməsi, parlamentin, dövlət rəmzlərinin təsis olunması, milli ordunun yaradılması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, milli məktəblərin, xüsusilə Bakı Dövlət Universitetinin fəaliyyətə başlaması xalqımızın uzun illər arzuladığı ən vacib məsələlər idi.
Natiq daha sonra Azərbaycanın sovetlər birliyinin tərkibində keçdiyi 70 illik tarixi yola qısa nəzər salmış, birliyin süqutundan sonra - 1991-ci ildə Azərbaycanın yenidən öz dövlət müstəqilliyinə qovuşduğunu, ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə müstəqil respublikamızın daha da inkişaf edərək, dünya dövlətləri arasında öz layiqli yerini tutduğunu xüsusi vurğulamışdır.
Bayram tədbirinin sonunda tanınmış müğənni Yaqub Zurufçu geniş konsert proqramı ilə çıxış etmişdir.