ŞƏKİDƏ GÖRKƏMLİ OFTALMOLOQ ALİM, AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN XATİRƏSİ ANILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şəki mərkəzi rayon xəstəxanasında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 85-ci ildönümü münasibətilə yubiley tədbiri keçirilmişdir.
İctimaiyyət nümayəndələrinin, ziyalıların, səhiyyə işçilərinin iştirak etdikləri tədbiri açan xəstəxananın baş həkimi Sehran Məmmədov akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminin inkişafına verdiyi dəyərli töhfələrdən danışmış, respublikamızın hər yerində görkəmli ictimai-siyasi xadim və oftalmoloq alimin 85 illik yubileyi ilə bağlı silsilə tədbirlərin, xatirə günlərinin keçirildiyini bildirmişdir.
Şəki rayonlararası göz xəstəxanasının baş həkimi Gülnarə Məmmədova akademik Zərifə Əliyevanın mənalı həyat yolu barədə məruzə etmişdir. Görkəmli alimin Azərbaycanda tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafındakı müstəsna xidmətləri barədə geniş məlumat verən məruzəçi, Zərifə xanımın şəfalı əlləri ilə minlərlə xəstənin müalicə olunduğunu, gözlərinə işıq verildiyini xüsusi vurğulamışdır. Məruzədə vurğulanmışdır ki, Zərifə xanım istedadlı alim, fəal ictimai xadim olmaqla yanaşı, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana idi. Təsadüfi deyildir ki, bu ailənin övladı, dövlət başçısı İlham Əliyev bu gün hər bir azərbaycanlının, sadə ölkə vətəndaşlarının dərin sevgi və rəğbətini qazanmışdır.
Digər natiqlər də ömürlərə sevinc və gözlərə nur bəxş edən görkəmli oftalmoloq alim, Zərifə xanım Əliyevanın əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini xüsusi vurğulamışlar.